MSK-NIN SƏDRİ: PARLAMENT SEÇKİLƏRİNİ İZLƏMƏK ÜÇÜN 99 BEYNƏLXALQ MÜŞAHİDƏÇİ AKKREDİTASİYADAN KEÇİB

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 14 min 506 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 3-də keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Pakistan Mərkəzi Seçki Komissiyasından 2, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1, Monteneqro Seçki Komissiyasından isə 1 nəfər akkreditasiyadan keçib.