MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRLƏ ƏLAQƏDAR “NAMİZƏDLƏR ÜÇÜN YADDAŞ” KİTABÇASI HAZIRLAYIB

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.

Layihənin həyata keçirilməsində başlıca məqsəd, qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, ətraflı şəkildə göstərilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.