MSK-DA DAİRƏ SEÇKİ KOMİSSİYALARININ SƏDRLƏRİ ÜÇÜN MÜŞAVİRƏ KEÇİRİLİR

İyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

MSK indiyədək 17 siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb.

Qeyd edək ki, ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil olunub. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.