MÖVLUD ÇAVUŞOĞLU: TÜRKİYƏ BOĞAZLARI HƏRBİ GƏMİLƏR ÜÇÜN BAĞLAYA BİLƏR

Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya bilər, amma bu halda Rusiya bu boğazlardan öz donanmasının bazaya qayıtması üçün istifadə etmək hüququna malik olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı bizə rəsmi müraciət edib. Montre Konvensiyasının müddəaları çox aydındır. Bugünədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də, müharibə iştirakçısı olan ölkələrin donanmasının bazaya qayıtmasına icazə verir”, – deyə nazir bildirib.

M.Çavuşoğlu əlavə edib ki, hazırda türkiyəli mütəxəssislər bu məsələni təhlil edir və rəsmi qərar qəbul edildikdən sonra bu proses başlana bilər.