MÖVLUD ÇAVUŞOĞLU: AZƏRBAYCAN VƏ GÜRCÜSTANLA BİRGƏ REGİONUN SİMASINI DƏYİŞƏN ÖNƏMLİ LAYİHƏLƏR REALLAŞDIRMIŞIQ

Gürcüstan və Azərbaycanla birgə regionumuzun simasını dəyişən önəmli layihələr reallaşdırmışıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru xətti və Cənub Qaz Dəhlizi bu anlayışla həyata keçirildi. Orta Dəhliz başda olmaqla regional kommunikasiyalar üçün önəm daşıyan Bakı-Tbilisi-Qars dəmir yolundan daha səmərəli şəkildə istifadə etmək niyyətindəyik. Qarşıdakı günlərdə bütün bunları dəyərləndirmək üçün Türkiyə, Gürcüstan, Azərbaycan nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istəyirik. Bir müddət əvvəl Bakıda Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin iclası keçirildi. Gələn həftə Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər, nəqliyyat və enerji nazirlərinin iclasının keçirilməsi nəzərdə tutulur”, – deyə o bildirib.