
Son dövrlərdə Ermənistan-Rusiya münasibətləri açıq şəkildə gərginlik və dərin etimadsızlıq mərhələsinə daxil olub. Uzun illər strateji müttəfiqlik kimi təqdim edilən bu münasibətlər indi faktiki olaraq qarşılıqlı narazılıqlar və siyasi soyuqluq fonunda formalaşır. Nikol Paşinyan hakimiyyətinin Qərbə, xüsusilə də Avropa İttifaqına doğru atdığı ardıcıl addımlar Moskva tərəfindən artıq sadəcə diplomatik narahatlıq kimi deyil, açıq siyasi xəbərdarlıqlar və sərt ritorika ilə qarşılanır. Ermənistanın KTMT-nin fəaliyyətində iştirakını faktiki olaraq dondurması, bu qurumu açıq şəkildə tənqid etməsi, Avropa İttifaqının müşahidə missiyasına ölkə ərazisində geniş səlahiyyətlər verməsi və Brüssel platformasını prioritet diplomatik xətt kimi irəli çıxarması Kremlin Ermənistana baxışını köklü şəkildə dəyişib. Moskva artıq İrəvanı loyal müttəfiq yox, geosiyasi baxımdan “nəzarətdən çıxan” və etibarlılığını itirən tərəfdaş kimi qiymətləndirir.
Ermənistanın Avropaya yaxınlaşması Rusiyada sadəcə xarici siyasət manevri deyil, açıq şəkildə geosiyasi xəyanət kimi qəbul edilir. Rusiya onilliklər ərzində Ermənistanı Cənubi Qafqazda özünün hərbi-siyasi dayaq nöqtəsi, regional forpostu və Qərbin bölgəyə marağına qarşı balans elementi kimi formalaşdırıb. Məhz bu baxımdan Paşinyan hökumətinin Qərblə inteqrasiya mesajları Kremlin strateji maraqlarına birbaşa zərbə kimi dəyərləndirilir. Moskvanın verdiyi mesaj getdikcə daha aydın və sərt forma alır: Ermənistan Avropa ilə strateji yaxınlaşma kursunu davam etdirərsə, bunun təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələri olacaq. Rusiya Xarici İşlər Nazirliyinin və digər yüksək rütbəli rəsmilərin çıxışlarında tez-tez səsləndirilən “Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı kursunun uyğunsuzluğu” ifadəsi diplomatik xəbərdarlıqdan daha çox, mahiyyət etibarilə ultimatum xarakteri daşıyır. Bu ritorika Ermənistana açıq şəkildə seçim qoyulduğunu göstərir: ya Moskva ilə qalmaq, ya da bunun nəticələrini qəbul etmək.
Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün formal üzvlükdən qat-qat artıq əhəmiyyət daşıyır. Ölkənin xarici ticarət dövriyyəsinin böyük hissəsi Rusiya bazarı ilə bağlıdır, enerji təminatı, xüsusilə qaz və yanacaq məsələləri, eləcə də miqrasiya və pul köçürmələri Ermənistan iqtisadiyyatının əsas dayaqlarından biridir. Bu mexanizmlərin böyük hissəsi məhz Aİİ çərçivəsində işləyir. Bu səbəbdən Rusiya rəsmilərinin “uyğunsuzluq” vurğusu əslində texniki açıqlama deyil, Ermənistanın Aİİ-dən çıxarılması və ya bu strukturdakı imkanlarının məhdudlaşdırılması ehtimalını gündəmə gətirən ciddi iqtisadi təzyiq alətidir. Kremlin yanaşması burada dəyişməz qalır: Hərbi-siyasi təsir imkanları zəiflədikdə, iqtisadi rıçaqlar ön plana çıxarılır və tərəfdaş ölkəyə birbaşa təsir göstərmək üçün istifadə olunur.
Sergey Lavrovun “Moldova ssenarisi” ilə bağlı açıqlaması isə artıq klassik diplomatik çərçivələri aşan və açıq siyasi xəbərdarlıq kimi dəyərləndirilməlidir. Bu termin təsadüfi seçilməyib və xüsusi simvolik məna daşıyır. Rusiya bu ifadə ilə dolayı, lakin kifayət qədər aydın mesaj verir: Əgər Paşinyan Qərbyönümlü siyasi kursu davam etdirərsə, onun hakimiyyəti daxili siyasi proseslər, xüsusilə seçkilər vasitəsilə zəiflədilə və ya dəyişdirilə bilər. Lavrovun Moldovada seçkilərin guya kobud şəkildə saxtalaşdırılması barədə səsləndirdiyi iddialar əslində Ermənistan üçün nəzərdə tutulmuş siyasi xəbərdarlıqdır. Bu, Paşinyana yönəlmiş açıq mesajdır ki, Moskva Ermənistanın daxili siyasi dinamikasını yaxından izləyir və zərurət yaranarsa, bu proseslərə təsir etmək üçün kifayət qədər alətlərə malikdir. Başqa sözlə, Kremlin verdiyi mesaj budur: Paşinyan da Maya Sandunun keçdiyi siyasi yolu keçə bilər.
Bütün bu proseslərin fonunda aydın görünür ki, Ermənistan-Rusiya münasibətləri artıq klassik müttəfiqlik çərçivəsindən çıxaraq qarşılıqlı təzyiq, siyasi şantaj və açıq qarşıdurma mərhələsinə daxil olub. Moskva Paşinyanı etibarsız, Qərbin təsiri altına düşmüş və Rusiyanın regional maraqlarına təhlükə yaradan lider kimi görür. Paşinyan hakimiyyəti isə Rusiyanı Ermənistanın təhlükəsizliyini təmin edə bilməyən, regional proseslərdə passiv və etibarsız tərəfdaş kimi təqdim etməyə çalışır. Lavrovun açıqlaması bu qarşıdurmanın növbəti mərhələsinin artıq Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilə riskini ehtiva etdiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, yaxın perspektivdə Ermənistan üçün əsas məsələ artıq “Şərq, yoxsa Qərb” geosiyasi seçimi deyil, hakimiyyətin davamlılığının qorunması və ölkədaxili siyasi sabitliyin təmin olunması olacaq.
MTM Analitik Qrup
