MOSKVADA İLİN SONUNA QƏDƏR YENİDƏNQURMADAN SONRA “BAKI” KİNOTEATRI AÇILACAQ

Moskvada 2022-ci ilin sonuna qədər yenidənqurma işlərindən sonra “Bakı” kinoteatrı açılacaq. Bu barədə sovet dövrünə aid Moskva kinoteatrlarının yenidən qurulması üzrə layihənin icraçıları məlumat veriblər.

Rusiya mətbuatının verdiyi məlumata görə, “Bakı” kinoteatrının yenidən qurulması gedişinə Moskva meri Sergey Sobyanin nəzarət edib. “Kinoteatrların böyük rekonstruksiya proqramı var. Artıq 10-dan çox kinoteatr istifadəyə verilib”, – deyə mer baxış zamanı jurnalistlərə bildirib.

Paytaxt merinin sözlərinə görə, yeni kinoteatrlar ictimai və mədəniyyət mərkəzlərinin funksiyalarını yerinə yetirirlər, ona görə də sakinlər tərəfindən onlara tələbat var. Belə ki, “Bakı” kinoteatrında uşaq əyləncə zonaları və restoranın təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, “Bakı” kinoteatrı 1974-cü ildə tikilib, onun dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə edilib.

Kinoteatrın rekonstruksiyasına 2019-cu ildə başlanılıb, bu işlər “ADG group” şirkəti hesabına həyata keçirilir.