
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Rusiya və Azərbaycanın gənclər birliklərinin, diaspor təşkilatlarının və media nümayəndələrinin iştirak etdiyi tədbirdə RAGB-nin ötən ildəki fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Təntənəli gecədə çıxış edən RAGB-nin sədri Ceyhun Hüseynov qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, bu bayram Azərbaycan xalqı, gəncliyi üçün ən mühüm tarixlərdən biridir. “1989-cu ildə Azərbaycan xalqı bütün dünyaya birliyini, həmrəyliyini bəyan edib. İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə bunu bir daha sübut etdik”, – deyə o vurğulayıb.
RAGB sədri təşkilatın 2023-cü ildəki fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, təşkilatın üzvlərinin sayı ilbəil artır: “Təşkilat rəhbərliyi Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xüsusi diqqət ayırır. RAGB Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə əməkdaşlığını uğurla davam etdirir”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxışında fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-nin Rusiyada humanitar sahədə fəaliyyətindən danışıb, təşkilatın gənc üzvlərinin humanitar istiqamətli tədbirlərdə iştirakını yüksək qiymətləndirib.
RAGB-nin ən fəal üzvləri gənclər təşkilatının inkişafına verdikləri töhfələrə görə fəxri fərmanlarla mükafatlandırılıblar.
Tədbir Rusiyada fəaliyyət göstərən azərbaycanlı incəsənət nümayəndələrinin ifasında milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdirilib.
