MOSKVADA HACI ZEYNALABDİN TAĞIYEVƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİNİ 98 MİN 745 NƏFƏR ZİYARƏT EDİB

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi (MATM), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə təşkilatçılığı ilə keçirilmiş “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin ziyarətçi sayı açıqlanıb.

Bu barədə MATM-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan” pavilyonundan alınan məlumata əsasən, sərgini 98.745 nəfər ziyarət edib.

Beynəlxalq səyyar sərginin digər məkanlarda da keçirilməsi nəzərdə tutulub. Sözügedən fotosərgi bundan öncə Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyində təşkil olunub.