MOSKVA VASİTƏÇİ STATUSUNU İTİRİB, KREMLƏ DİPLOMATİK ETİMAD ZƏİFLƏYİB

Ermənistan hökumətinin dekabrın 2-də keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan ibarət 13 sənədi ictimaiyyətə açıqlaması regionda yeni diplomatik gərginlik yaradıb. Sənədlər arasında 2011-ci ilin Kazan danışıqlarının materialları, 2019-cu il vasitəçi təklifləri və sabiq prezident Serj Sarkisyanın 2016-cı ildə Vladimir Putinə göndərdiyi məktub yer alır. Bu addım xüsusilə Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın addımını “diplomatik etikaya zidd” adlandıraraq Ermənistanı dövlət başçılarının yazışmalarını qarşı tərəfin razılığı olmadan yaymaqda ittiham edib. Bəs görəsən, Rusiya nədən narahatdır? Diplomatik etika arqumentini əsas gətirən Rusiya Xarici İşlər Nazirliyi bir neçə ittiham irəli sürür. Onlar bildirir ki, bu adımla diplomatik yazışmaların gizliliyi pozulub. Çünki diplomatiyada dövlət başçılarının məktubları və vasitəçilərin işçi materialları gizli hesab olunur. Moskva hesab edir ki, bu cür yazışmaların yayılması yalnız bütün tərəflərin razılığı ilə mümkündür və Ermənistan bu qaydanı pozaraq ənənəvi diplomatik etikanı görməməzliyə vurub. Rusiya bildirir ki, bu addım tərəflər arasında etimad mühitini zədələyir. Gələcəkdə tərəflər qorxacaq ki, istənilən yazışma və ya təklif ictimaiyyətə sızdırıla bilər. Bu isə qapalı diplomatiyanı çətinləşdirir və sülh prosesini ləngidir.

Sənədlərdə Rusiyanın Minsk Qrupu həmsədri kimi fəaliyyəti üzrə təfərrüatlar da yer alır. Zaxarova vurğulayır ki, materiallar İrəvanın son vaxtlar irəli sürdüyü bəzi tezisləri təkzib edir və Moskvanın “30 il ərzində ardıcıl şəkildə sülhə çalışdığına” dair mövqeyini gücləndirir. Buna görə də Moskva hesab edir ki, sənədlərin yayılması siyasi məqsəd daşıyır və Rusiyanın vasitəçi nüfuzuna xələl gətirməyə xidmət edə bilər. Öz növbəsində Ermənistan hökumətinin bu addımı təsadüfi deyil və bir neçə motivlə izah olunur. Birincisi, hökumət bildirir ki, uzun illər ərzində danışıqlar prosesi qapalı aparılıb və ictimaiyyət real təkliflərdən, razılaşma variantlarından xəbərsiz qalıb. Paşinyan komandası bunu daxili siyasi şəffaflıq addımı kimi təqdim edir. İkincisi, Paşinyana görə, Minsk Qrupu prosesi artıq bitmiş sayılır. Buna görə də, əvvəl mövcud olan hüquqi maneə aradan qalxıb. Sənədlərin açılması artıq beynəlxalq mexanizmə zərbə kimi yox, tarixi arxivin açılması kimi təqdim olunur. Üçüncüsü, Ermənistanda müxtəlif siyasi qüvvələr Paşinyanı Qarabağ məsələsində güzəştə getməkdə ittiham edirlər. Arxivin paylaşılması hazırkı hökumətin “keçmiş hakimiyyətlərin buraxdığı səhvləri göstərmək” strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Sənədlərin açıqlanmasının mümkün regional təsirlərinə gəlincə, qeyd edə bilərik ki, bu, Ermənistan-Rusiya münasibətlərinin bir qədər də soyumasına gətirib çıxaracaq. Zaxarovanın sərt reaksiyası da iki ölkə arasında artıq mövcud olan siyasi gərginliyin yeni fazaya keçdiyini göstərir. Onsuz da İrəvan son illərdə təhlükəsizlik arxitekturasında Qərbə yönəlmə siyasətini gücləndirib, Rusiya isə bunu açıq şəkildə narazılıqla qarşılayır. Sənədlərin açıqlanması Minsk Qrupunun artıq tarixə qovuşduğunu bir daha təsdiqləyir. Digər tərəfdən bu hadisə Ermənistanın daxili siyasi ehtiyaclarını ödəyir, amma həm də artıq Moskvanın vasitəçi statusunu itirdiyini, ona münasibətdə diplomatik etimadın zəiflədiyini göstərir.

MTM Analitik Qrup