Monteneqronun “RTCG” radio-televiziya kanalı Qarabağdakı mina problemi, eləcə də burada aparılan bərpa və yenidənqurma işləri ilə bağlı reportaj yayımlayıb.
Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən telekanalın jurnalisti reportajda onilliklər ərzində Ağdam şəhərində döyüşlərin getdiyini və bu gün isə həmin bölgənin minalarla ən çox çirklənmiş ərazi olduğunu bildirir. Qeyd olunur ki, Ağdamın müharibədən əvvəl 40 min nəfər əhalisi olub. Bu gün isə demək olar ki, şəhərdə yaşayış yoxdur. Kənar şəxslərin bölgəyə daxil olması xüsusi icazə ilə mümkündür.
Vurğulanır ki, müharibə dövründə Qarabağın əhalisi öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda Azərbaycan Hökuməti işğaldan azad olunan ərazilərdə yenidən məskunlaşmanı təmin etmək üçün bütün qüvvələrini səfərbər edib. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün ərazilərin minalardan tamamilə təmizlənməsi mühüm şərtdir.
“2020-ci ilin noyabrından indiyədək on minlərlə mina və partlayıcı sursat məhv edilib. Ərazilərin tez bir zamanda minalardan təmizləməsi üçün əlimizdən gələni edirik”, – deyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xaliq Zülfüqarov qeyd edib.
Videosüjetdə vurğulanır ki, minatəmizləmə prosesi hələ uzun müddət davam edəcək. Bu vaxtadək 80 mindən çox mina məhv edilib. Bununla yanaşı, minatəmizləmə prosesinə paralel olaraq bölgədə avtomobil yolları və yeni obyektlərin inşası aparılır.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov telekanalın jurnalisti ilə söhbətində bildirib ki, işğal dövründə bu ərazilərdəki bütün binalar və infrastruktur obyektləri tamamilə dağıdılıb. Öz evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarımızın yurd-yuvalarına geri qayıtması üçün bərpa və yenidənqurma işləri görülür.
Reportajda hazırda bölgədə bəzi qəsəbələrin yenidən tikildiyi, ilk yaşayış məntəqələrinin qarşıdakı aylarda hazır olacağı bildirilir.