
Moldovanın “noi.md” xəbər portalı “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun rəsmi açılış mərasiminə dair məqalələr dərc edib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Forumda söylədiyi fikirlərə geniş yer verilib. Prezidentin nitqində Azərbaycanın beynəlxalq mövqelərinin konturları, üzləşdiyi vəzifələr və əldə etdiyi uğurlar göstərilib. Azərbaycan dövlətinin başçısı Bakı Forumunun aktual qlobal problemlərin müzakirəsi üçün aparıcı platformalardan birinə çevrildiyini vurğulayıb. Bu kontekstdə Prezident İlham Əliyev xatırladıb ki, ötən il Bakıda keçirilən COP29 iqlim konfransı ekspertlər tərəfindən “Bakı sıçrayışı” adlandırılıb və bu, Azərbaycanın qlobal siyasətdə artan rolundan xəbər verir.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın yaşadığı işğal illərini və Ermənistan tərəfinin verdiyi dağıntıları haqqında fikirləri də yer alıb. Dövlətimizin başçısının sitatına istinadla Azərbaycanın güc və qətiyyət nümayiş etdirərək öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulanıb. Azərbaycanın öz hərbi potensialını fəal şəkildə inkişaf etdirdiyini və son 20 ildə işğal olunmuş əraziləri azad edən qüdrətli ordu yaratdığı qeyd edilib.
Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın zərərinə erməni diasporunu dəstəkləyən bəzi Qərb siyasətçilərini tənqid edən fikirləri də məqalədə xüsusi yer tutub. Azərbaycan Prezidentinə istinadla vurğulanıb ki, Robert Menendez, Adam Şif, Frank Pallon və Nensi Pelosin erməni diasporunun maliyyə resurslarından Azərbaycana hücum və nüfuzdan salmaq üçün istifadə ediblər. Həmçinin, ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken onilliklər ərzində əməkdaşlığa, o cümlədən Bakının İraq və Əfqanıstandakı hərbi missiyalarda iştirakına baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini faktiki olaraq pozub. Azərbaycan Prezidenti Avropa İttifaqını da tənqid edərək, Brüsseli Ermənistanın “yeni böyük qardaşı” adlandırıb. Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədində Avropanın monitorinq missiyası faktiki olaraq onun ölkəsinə qarşı kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Dövlətimizin başçısı Ermənistana verilən silahların Azərbaycana qarşı yönələ biləcəyindən də narahat olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, keçmişdə baş vermiş faciəli hadisələrə baxmayaraq, ölkə gələcəyə baxır və Cənubi Qafqazda davamlı sülhə nail olmağa çalışır.
