MOLDOVA MƏTBUATI PREZİDENT İLHAM ƏLİYEVİN YAP-IN YARADILMASININ 30 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏDBİRDƏKİ ÇIXIŞINA GENİŞ YER AYIRIB

Moldovanın nüfuzlu xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışına geniş yer ayırıb.

“Noi”, “TV8”, “Dosarmedia” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Ermənistana, Azərbaycan iqtisadiyyatının güclənməsinə dair fikirləri xüsusilə qeyd edilib. Məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla vurğulanır ki, Azərbaycanın üzv olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ölkəmizin dostları Ermənistandan çoxdur. “Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir.

Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə”, – deyə məqalədə qeyd edilir.

Yazılarda daha sonra bildirilir ki, 1993-2003-cü illərdə Azərbaycan dövlətçiliyinin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Son 19 ilin hadisələri onu göstərir ki, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. 2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, Azərbaycan iqtisadiyyatı 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.