Moldova KİV-ləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasiminə yer ayırıb.
Moldovanın nüfuzlu “Noi.md” xəbər saytında dərc olunan məqalədə avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdikləri qeyd olunub. Bildirilib ki, Azərbaycan və Özbəkistan prezidentləri məktəbin açılışını bildirən lenti kəsiblər. Daha sonra dövlət başçılarına və onların xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Məqalədə yazılır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin tikintisi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb tikintisi təşəbbüsünü ölkələrimiz arasında həmrəylik, dostluq və qardaşlıq münasibətlərinin növbəti addımı kimi qiymətləndirib.
Moldovanın digər “Tribuna” xəbər portalında dərc olunan məqalədə isə Azərbaycan və Özbəkistan prezidentlərinin Bakıda birgə keçirdikləri mətbuat konfransında səsləndirdikləri fikirlərə geniş yer ayrılıb.