MOLDOVA KİV-LƏRİ PREZİDENT İLHAM ƏLİYEVİN İTALİYADA KEÇİRDİYİ GÖRÜŞLƏRƏ, ÇERNOBBİO FORUMUNDAKI ÇIXIŞINA GENİŞ YER AYIRIB

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri, orada keçirdiyi görüşlər, 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışına geniş yer ayırıb.

Moldovanın “Tribuna”, “NOİ”, “TV8”, “Publika”, “Jurnal”, “Realitatea” və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşü, Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın Avropanın enerji bazarına verdiyi töhfələrinə dair fikirləri yer alıb.

Məqalələrdə Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışına istinadla qeyd edilir ki, Trans-Adriatik (TAP) boru kəməri vasitəsi ilə Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il Azərbaycan həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Trans-Anadolu (TANAP) boru kəmərinin ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq.