Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışına geniş yer verib.
“Noi”, “Tv8” və digər xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Ermənistanın hərbi cinayətləri və təxribatları haqqında söylədiyi fikirlər vurğulanıb.
Məqalələrdə dövlətimizin başçısına istinadla Ermənistanın mütəmadi olaraq Azərbaycanın mülki əhalisinə və hərbi qulluqçularına qarşı hərbi cinayətlər törətdiyi, Birinci Qarabağ müharibəsindən indiyədək 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi, onların əksəriyyətinin işgəncələrə məruz qalması, öldürülməsi, Ermənistanın itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə Azərbaycana məlumat verməməsi, Qarabağ münaqişəsinin həllinə baxmayaraq, Ermənistanın sərhəddə hərbi təxribatlarını davam etdirməsi kimi məsələlərə yer ayrılıb.