MİSİRLİ TƏDQİQATÇI XOCALI SOYQIRIMI HAQQINDA MƏQALƏ YAZIB

Misirli yazıçı və tədqiqatçı, “Qarabağ: Qafqazda sülhə aparan yol” kitabının müəllifi Əhməd Abdo Tərabik “Əl Vəsilə” qəzetində “Xocalı və dünyada ədalət meyarları” sərlövhəli məqalə ilə çıxış edib.

Məqalədə dünyada baş verən bir çox münaqişə və faciələrin məhz ədalətsizlik və “ikili standartlar” səbəbindən meydana gəldiyi, işğalçılara verilən dəstəyin isə Xocalı soyqırımı kimi ağır cinayətlərə yol açdığı qeyd olunur. Müəllif yazır: “Tarixin qan yaddaşında bu cür ağır faciələr var və təəssüf ki, beynəlxalq ictimaiyyətin hələ də onlara lazımi qiymət verməməsi, onları törədənlərin cəzasız qalması yeni presedentlər yaradır. Xocalı kimi dəhşətli cinayətlərin ağrıları isə hələ də hiss edilir.

Xocalı soyqırımı haqqında ətraflı məlumatın yer aldığı məqalədə diqqətə çatdırılır ki, XX əsrin ən vəhşi qırğınlarından biri olan bu faciə Ermənistanın etnik təmizləmə siyasətinin nəticəsi idi. Qarabağda strateji əhəmiyyətə malik olan bu şəhərin sakinlərinin mətanəti və müqavimətini sındırmaq istəyən erməni işğalçıları ümumilikdə bütün azərbaycanlıları öz doğma yurdundan didərgin salmaq məqsədi güdürdülər.

Sonda müəllif vurğulayır ki, dünya ictimaiyyəti, xüsusən beynəlxalq hüquq təşkilatları Xocalı faciəsinə lazımi qiymət verməli, erməni canilərinin bu ağır cinayətdən yaxasını kənara çəkməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bunun üçün bütün faktlar və sübutlar, hətta erməni siyasətçilərin etirafları kifayətdir.