MİSİRDƏ 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ AÇILIB

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş fotosərgi təşkil edilib.

Sərgidə rəsmi şəxslər, ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, Misirdə yaşayan Azərbaycan vətəndaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov bildirib ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi, insanlar öz azadlıq arzusu uğrunda mübarizəsini davam etdirdi. Bu hadisələrdə xalqımız azadlıq naminə böyük qəhrəmanlıq nümunəsi göstərdi.

Diplomat vurğulayıb ki, hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyi qonaqların nəzərinə çatdırılıb.

Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq şəhidlərin məzarlarına faciənin simvoluna çevrilmiş qərənfillər düzür, onları qürurla anır, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Səfir Elxan Poluxov xalqımızın kədərinə şərik olduqlarına görə tədbir iştirakçılarına minnətdarlıq edib. O, misirli yazıçı və jurnalistlərə 20 Yanvar hadisələri ilə bağlı dərc etdikləri maarifləndirici məlumatlara görə təşəkkürünü bildirib.

Tədbirdə fotosərgi ilə yanaşı, qonaqlara 20 Yanvar hadisələrinə həsr edilən videoçarxlar nümayiş etdirilib, ərəb dilində nəşr olunmuş kitablar paylanılıb.