MİSİR ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMUNUN XII SESSİYASINA EV SAHİBLİYİNƏ HAZIRLAŞIR

Noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XII sessiyasına (WUF12) hazırlıq işləri yekunlaşmaq üzrədir.

“Əl-Əhram” portalı xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Misirin Məskunlaşma və Yerli İnkişaf nazirlikləri ilə əməkdaşlıq şəraitində təşkil edəcəyi bu mühüm beynəlxalq tədbirdə həm Misir, həm də xarici ölkələrdən dövlət rəsmiləri, QHT təmsilçiləri, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübələrini paylaşmaq imkanı əldə edəcəklər.

Forumun keçirilməsində əsas məqsəd yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi məqsədilə güclü tərəfdaşlıqların qurulması, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsi, məskunlaşma böhranının, iqlim dəyişikliyinin meydana gətirdiyi başlıca qlobal çağırışların həllinə töhfə verməkdir. Həmçinin iştirakçılar DİM-ləri yerli reallıqla əlaqələndirmək üçün tərəfdaşlıqların əsas strategiyalarını müzakirə edəcəklər.

Bundan başqa, forumda maliyyə imkanlarının artırılmasının vacibliyi vurğulanacaq, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq və təhlükəsiz evlər tikmək üçün müasir texnologiyaların tətbiqi ilə yanaşı, davamlı inkişafı dəstəkləmək məqsədilə yerli səviyyədə resurslara asan çıxışı təmin etmək üçün zəruri mexanizmlər araşdırılacaq.

Beş gün davam edəcək forum çərçivəsində 500-dən çox tədbirin – sərgilərin, eləcə də Qahirə Şəhərsalma Həftəsinin keçiriləcəyi planlaşdırılır. Forumun əsas iclasları BMT-nin rəsmi dillərində birbaşa yayımlanacaq. İndiyədək 160 dövlətdən 7000-dən çox şəxs forumda iştirakını təsdiqləyib.

Qeyd edək ki, 2001-ci ildə BMT tərəfindən təsis edilmiş Ümumdünya Şəhərsalma Forumu Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilib. Forum 2022-ci ildə “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” şüarı ilə Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub.

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar qəbul edilib.