MİSİR NƏŞRİ: AZƏRBAYCANIN İSRAİLDƏ SƏFİRLİK AÇMASI REGİONAL ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRƏCƏK

Misirin nüfuzlu “Dustur” qəzetinin Tel-Əvivdəki müxbiri Sara Şərif Azərbaycanın İsraildə səfirlik açması barədə geniş məqalə ilə çıxış edib.
Rəsmi Bakının bu mühüm addımını təhlil edən jurnalist yazıb: “Böyük İslam ölkəsi olan Azərbaycanın İsraildə səfirlik açması qərarı digər İslam ölkələrini də Tel-Əvivlə daha fəal əməkdaşlığa sövq edəcək, o cümlədən regional əməkdaşlığı gücləndirəcək”.
Azərbaycanın bu mühüm diplomatik addımının səbəblərini diqqətə çatdıran müəllif qeyd edib: “Birincisi, ötən ilin avqustundan etibarən Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin İsrail ilə münasibətlərin normallaşması Azərbaycanı bu addımı atmağa sövq etdi, çünki Azərbaycanın həm Ankara, həm də Əbu-Dabi ilə sıx əlaqələri var.
İkinci səbəb Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı mühüm Qələbədən sonra beynəlxalq nüfuzunun daha da artması və özünü daha inamlı hiss etməsidir. Bakı indiki şəraitdə təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə bir çox problemlərin həllində önəmli bir vasitəçiyə çevrilir”.
Müəllif diqqətə çatdırıb ki, Ermənistan özü 2020-ci ildə İsraildə səfirlik açıb və ermənilərin guya müharibədə Tel-Əvivin dəstəyini almaq üçün atdıqları bu avantürist addım iflasa uğrayıb.
Rəsmi Bakının bu diplomatik qərarından əvvəl İsraillə münasibətlərinə toxunan S.Şərif qeyd edib ki, səfirliyin açılması iki ölkə arasında artıq mövcud olan iqtisadi aspektlərdə əməkdaşlığın inkişafına kömək edəcək. Belə ki, Azərbaycan İsrailə neft ixrac edir, İsrail şirkətlərinin Xəzər dənizinin duzsuzlaşdırılması qurğusunda iştirakı, eləcə də turizm sektorunu inkişaf etdirmək istəyi yeni perspektivlər vəd edir. Azərbaycan və İsrailin yaxınlaşması həm də Azərbaycan Prezidenti İlham Əliyevin Tel-Əvivlə Ankara arasında daim vasitəçilik etməsi ilə Azərbaycan və İsrailin müttəfiqi olan Türkiyə arasında münasibətlərin inkişafına da səmərəli töhfə verəcək.