MİSİR KİV-LƏRİNDƏ 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCANIN HƏRBİ-SİYASİ QƏLƏBƏSİ BARƏDƏ MƏQALƏ YAYIMLANIB

Misir KİV-ləri Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük müharibənin ildönümünə həsr olunmuş məqalələr dərc edirlər.

Misirin “Əl Ğad”, “Rayetmısr” və “Yeni dünya xəbərləri” informasiya portallarında “Qarabağ. Hərbi-siyasi qələbə Azərbaycan xalqının əzminin təcəssümüdür” sərlövhəli məqalə yayımlanıb.

Yazıda diqqətə çatdırılır ki, ötən il Azərbaycan xalqı “Qarabağ bizimdır. Qarabağ Azərbaycandır” çağırışı ilə birləşərək öz torpaqlarını işğaldan azad edib. Şanlı qələbə Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi və bütün dünya bu ədalətli müharibədə işğala məruz qalmış ölkənin mövqeyini dəstəklədi. Hərbi Zəfərin ardından siyasi qələbə gəldi və müharibədə məğlub olan Ermənistan işğal etdiyi daha 3 rayonu da boşaltmağa məcbur edildi. Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücü hesabına BMT-nin qətnamələrini yerinə yetirdi.

Məqalədə 44 günlük müharibənin əsas aspektləri təhlil edilib. Diqqətə çatdırılıb ki, onlardan birincisi Azərbaycanın iqtisadi qüdrətini artırması və Ermənistandan qat-qat üstün göstəricilərə nail olmasıdır. İkinci amil Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlarla və hərbi texnologiyalarla təmin edilməsidir. Bu fərqi “Global Firepower-2020” indeksində bariz şəkildə görmək mümkündür. Ermənistan ordusunda isə daha çox sovet dövründən qalmış köhnə silah və texnikalar olub. İşğalçı dövlətin silahlı qüvvələrinin hərbi texnika sarıdan böyük itkiləri də məhz bununla bağlıdır.

Məqalədə müharibə zamanı Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyü və ələ keçirdiyi qənimətlər barədə konkret faktlar və rəqəmlərlə ətraflı məlumat verilib. Sonda vurğulanıb ki, silahlı qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi hərbi əməliyyatlar hərb sənətində yeni – müasir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.