MİSİR KİV-İ CƏNUB QAZ DƏHLİZİ BARƏDƏ MATERİALLAR YAYIMLAYIB

Misirin kütləvi informasiya vasitələri Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı barədə materiallar yayımlayıb.

Misirin “Asia Əl Yom” agentliyi və “Əl Masriyə” portalının materiallarında Azərbaycan Prezidenti İlham Əliyevin toplantıdakı çıxışının əsas məqamları verilib. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən nəhəng transmilli enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.

Xəbərlərdə qeyd olunub ki, toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Avropa bazarlarına qaz ixracının artırıldığını bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Mavi yanacaq Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.

Materiallarda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün əhəmiyyətini vurğuladığı və onun Avropaya nəql olunan qazın həcmini artırdığına görə Azərbaycana təşəkkürünü bildirdiyi qeyd edilib.