MİNSK QRUPUNUN FORMAL MÖVCUDLUĞU QARŞILIQLI ETİMAD VƏ SÜLH MÜHİTİNƏ XƏLƏL GƏTİRİR

İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq regional təhlükəsizlik sistemində mühüm dəyişikliklərə səbəb olub: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq hüquqa əsaslanan status-kvonu təmin etməklə yanaşı, Ermənistanla uzunmüddətli münaqişə predmetini aradan qaldırıb. Bu mərhələdə münaqişənin həllinə yönəlmiş beynəlxalq mexanizmlərin, xüsusən də ATƏT-in Minsk Qrupunun mövcudluğu nə hüquqi, nə də siyasi baxımdan əsaslı görünür.

Rəsmi Bakının bu amorf, yalnız kağız üzərində adı olan bu qurumun tarix səhnəsindən silinməsi vacibliyi ilə bağlı bəyanatları regiondakı yeni geosiyasi reallıqların məntiqindən irəli gələn yanaşmadır. Prezidentin köməkçisi, Administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə bu mövqe bir daha aydın ifadə olunub. O bildirib ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın dövrdə uğursuz və nəticəsiz fəaliyyət sərgiləyib və münaqişənin həlli ilə bağlı heç bir real perspektiv təklif edə bilməyib: “Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur”.

Rəsmi Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyi beynəlxalq hüquq baxımından tam əsaslıdır. Əgər bir münaqişə artıq mövcud deyilsə, onun həlli ilə bağlı yaradılmış mexanizmin davam etməsi təhlükəli presedent yaradır. Ermənistanın bu məsələ ilə bağlı hər hansı ciddi addım atmaması, ATƏT-ə rəsmi müraciətdən yayınması isə haqlı suallar doğurur: “sülhdə maraqlı olduğunu” bəyan edən bir ölkə münaqişənin həlli üçün yaradılmış qurumun formal mövcudluğunda niyə maraqlı olmalıdır?

Minsk Qrupunun nə müharibədən əvvəl, nə də sonra danışıqlar prosesində hansısa rol oynamaq, tərəflər arasında etimad yaratmaq imkanı olmayıb. Bu qurumun üç həmsədr ölkəsi zaman-zaman işğala haqq qazandırmağa çalışıb. Xüsusilə də Fransanın Azərbaycanın legitim hərbi əməliyyatlarını pisləyən, separatçılara dəstək məqsədi daşıyan qətnamələri, rəsmi şəxslərinin birtərəfli açıqlamaları göstərir ki, Parisin nə siyasi, nə də mənəvi baxımdan vasitəçilik mandatına iddia etməyə haqqı yoxdur.

ATƏT-in Minsk Qrupu faktiki olaraq fəaliyyətini dayandırmış, hüquqi-siyasi legitimliyini itirmiş bir amorf qurumdur. Son iki ildə Ermənistanla Azərbaycan arasında aparılan birbaşa danışıqlar bu struktura ehtiyacın olmadığını bir daha təsdiqləyib. Son bir il yarımda Azərbaycan və Ermənistan arasında aparılan birbaşa təmaslar, xüsusilə 2025-ci ilin martında 17 bəndlik yekun sülh sazişinin tam razılaşdırılması göstərir ki, regionda sülhün təminatı üçün köhnəlmiş, arxaik formatlara ehtiyac yoxdur.

Ermənistan rəhbərliyi bunu etiraf etsə də, qurumun ləğvi istiqamətində real addımlar atmaqdan məqsədli şəkildə yayınır. Bu ilin yanvar ayında rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə rəsmi müraciət edəcəyini bəyan etsə də, həmin vəd indiyədək yerinə yetirilməyib. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan həmin vaxt bəyan etmişdi ki, “Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir.”

Belə qeyri-müəyyən, formal bəyanatlar verən rəsmi İrəvan məsuliyyətdən yayınmağa, prosesi süni şəkildə uzatmağa, sülh sazişinin imzalanmasını gecikdirməyə çalışır. Ermənistan Minsk Qrupunun rəsmi şəkildə ləğvini gecikdirməklə, beynəlxalq ictimaiyyətdə sanki münaqişənin hələ də açıq qaldığı təəssüratını yaratmağa çalışır. Bu isə dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini göstərən bir mesajdır. Ermənistan bununla həm regiondakı yeni geosiyasi reallığı sual altına almağa, həm də qeyri-müəyyənlik mühitindən faydalanaraq manevr imkanları əldə etməyə çalışır. Halbuki, sülh sazişi ilə bağlı real siyasi iradə varsa, bunun ilkin təzahürü artıq mövcud olmayan vasitəçilik mexanizminin qeyd-şərtsiz ləğvi olmalıdır. Əks halda, Yerevanın sülh istədiyinə dair arqumentləri inandırıcılıqdan uzaq qalır.

Minsk Qrupu adlı amorf qurumun fəaliyyətsizliyi həm də daxili ziddiyyətlərlə bağlıdır. Qrupun həmsədrləri olan Rusiya, Fransa və ABŞ arasındakı geosiyasi rəqabət və qarşıdurmalar bu onun fəaliyyətini mümkünsüz edib. Xüsusilə Ukrayna müharibəsi fonunda Moskva ilə Qərb arasında dərinləşən siyasi uçurum Minsk Qrupunun koordinasiyalı fəaliyyətini qeyri-mümkün edib. Bu isə onsuz da fəaliyyətsiz olan qurumu tamamilə təsirsiz hala salıb. Belə bir şəraitdə bu qurumun “kağız üzərində mövcud olması” Ermənistan üçün siyasi manipulyasiya məqsədi daşıyır və sülhə xidmət etmir.

Ermənistanın ATƏT-ə Minsk Qrupunun ləğvi ilə əlaqədar rəsmi mövqe bildirməməsi həm də daxili siyasi məqsədlərlə bağlıdır. Gələn il bu ölkədə keçiriləcək növbəti parlament seçkiləri və Konstitusiya islahatlarını təmin edəcək referendum ətəfəsində N.Paşinyan hakimiyyəti daxili ictimai təzyiqlərdən yayınmaq, radikal müxalifətin “Bakının tələblərinə boyun əyildi” tənqidlərindən qorunmaq üçün qətiyyətsiz mövqe sərgiləyir. Lakin istənilən halda, bu qərarsızlıq uzun müddət davam edə bilməz – Ermənistan gec-tez bu strukturun ləğvini rəsmiləşdirməyə məhkumdur.

Qeyd edilənlər bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu kimi amorf qurum nə regionun hazırkı reallıqlarına cavab verir, nə də sülhə töhfə verə biləcək statusa malikdir. Ermənistanın bu strukturun ləğvi ilə bağlı konkret addım atmaması, təkcə keçmişin mirasına bağlanmaq deyil, həm də Azərbaycana qarşı əsassız iddialarından əl çəkməməsi deməkdir. Münaqişənin olmadığı şəraitdə vasitəçilik mandatının saxlanılması sülh gündəliyini pozur, tərəflər arasında etimadı zədələyir. Rəsmi İrəvan anlamalıdır ki, bu addımın atılması həm reallıqlara uyğun davranış, həm də sülh gündəliyinə sadiqlik baxımından zəruridir.

MTM Analitik Qrup