
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistanla aparılan danışıqlar prosesində əsas tələblərindən biri də uzun illər fəaliyyətsiz qalmış, mahiyyətini itirmiş beynəlxalq mexanizmlərin – xüsusilə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların ləğvi olub. Belə ki, 1992-ci ildən 2020-ci ilədək müddətdə təşkilat münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıb, işğal faktının aradan qaldırılması üçün Ermənistana təsir göstərməyib.
Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır, işğalçı qüvvələrin ərazimizdən çıxarılmasını birmənalı tələb edirdi. Minsk qrupunun həmsədrləri olan ölkələr müxtəlif mərhələlərdə bitərəflik prinsipini pozaraq, Ermənistanın mövqelərini müdafiə edən yanaşma nümayiş etdirmiş, neytral vasitəçi missiyasını faktiki olaraq itirmişdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakının bununla bağlı tələbinin reallaşmasına çox az müddət qalıb. Dövlət başçısı xüsusi vurğulayıb ki, Minsk qrupunun ləğvi Azərbaycanın danışıqların ilkin mərhələlərində irəli sürdüyü əsas şərtlərdən olub: “Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi”.
Rəsmi Bakının bununla bağlı tələbi hər zaman rasional və hüquqi əsaslara söykənib. Minsk qrupunun fəaliyyətsizliyi beş ildən çoxdur ki, davam edir və bu da qurumun faktiki olaraq süqutunu göstərir. İndi əsas məsələ qurumu yalnız de-fakto yox, de-yure tarixin arxivinə göndərməkdir və proses artıq başlayıb. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 26-da Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı bildirib ki, ATƏT-in Minsk qrupunun və əlavə strukturlarının ləğvi ilə əlaqədar təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş ATƏT Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətləri arasında yayılıb: “İştirakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb. Qərarın sentyabrın 1-də qəbulu gözlənilir”.
İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, belə bir qurumun formal olaraq mövcudluğunun saxlanılması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, regionda sülh gündəliyinin irəliləməsinə, etimad mühitinin formalaşmasına mane olur. Digər tərəfdən, demək olar ki, tarixə qovuşan münaqişənin həlli ilə bağlı hansısa mexanizmin “yaşadılması” təhlükəli presedentlərə yol aça bilər.
Son illərdə aparılan birbaşa danışıqların formatı da Minsk qrupunun ləğvi zəruriliyini təsdiqləyib. Xüsusilə son bir il yarımda Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlar göstərib ki, iki ölkə arasında sülhün əldə oluması üçün köhnəlmiş platformalara ehtiyac yoxdur. 2025-ci ilin mart ayında 17 bəndlik yekun sülh sazişinin razılaşdırılması fonunda bu reallıq bir daha təsdiqini tapıb. Başqa sözlə, regionda dayanıqlı sülhün yeganə yolu tərəflərin birbaşa siyasi iradəsindən keçir.
Əslinə qalsa, Ermənistan rəhbərliyi də son illərdə Minsk qrupunun əhəmiyyətsizliyini etiraf edirdi. Bununla belə, rəsmi İrəvan məsələni uzadır, vaxt qazanmağa çalışır, manipulyasiyalara yol verirdi. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə isə Ermənistan rəsmi Bakının bununla bağlı tələbini rəsmən qəbul etməli olub. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri Minsk qrupunun və əlavə strukturlarının ləğvi ilə bağlı ATƏT-ə rəsmi müraciət ediblər. Bu isə ölkə diplomatiyasının növbəti mühüm uğurudur.
Minsk qrupunun de-yure ləğvi yalnız hüquqi-siyasi məna daşımır. Bu addım həm də beynəlxalq ictimaiyyətə münaqişənin başa çatdığı barədə növbəti mühüm mesaj verəcək. Bütün dünya artıq qəbul edir ki, Cənubi Qafqazda formalaşan yeni reallığın əsasında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dayanır.
Rəsmi Bakı tərəfindən atılan addımlar, o cümlədən Minsk qrupunun ləğvi regional sabitliyə və sülhə, əməkdaşlığa xidmət edir. Azərbaycanın ardıcıl və prinsipial siyasəti nəticəsində uzun illərin ədalətsizliyi aradan qaldırılır və beynəlxalq hüququn aliliyi təmin olunur.
MTM Analitik Qrup