MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA İSRAİL-AZƏRBAYCAN PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ DOSTLUQ QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL EDİB

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri – Evgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Koheni qəbul edib.

Görüşdə Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğu diqqətə çatdırılıb, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb. Eyni zamanda, azərbaycanlılar və yəhudilərin əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı qeyd edilib.

Görüşdə həmçinin Azərbaycan və İsrail parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qanunverici orqanlarımız arasında münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyəti, parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.