MİLLİ MƏCLİS OMBUDSMANIN MƏRUZƏSİNİ TƏSDİQLƏYİB

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təsdiq edib.

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.

O qeyd edib ki, “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

“İnsan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimai-siyasi sabitliyin möhkəmlənməsinə və insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir. Hüququn aliliyi prinsipinə və xalqın maraqlarına xidmət edən, dünya dövlətləri sırasında nüfuzu daim artmaqda olan və söz sahibinə çevrilən respublikamız insan hüquqlarının qorunmasına yönəlmiş bir sıra mühüm layihələrin təşəbbüskarı olmaqla bərabər, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir”, – deyə o əlavə edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

O qeyd edib ki, 2023-cü ildə Ombudsmanın ünvanına 29.411 müraciət daxil olub.

“Həmin müraciətlər, bir qayda olaraq, poçt, elektron poçt, onlayn müraciət qaydasında göndərilmiş, “Hökumət Evi” inzibati binasında fəaliyyət göstərən Vətəndaşların Qəbulu Mərkəzində və regional mərkəzlərdə keçirilən qəbullar zamanı, 7/24 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, rəsmi sosial şəbəkə hesabları vasitəsilə, həmçinin Ombudsmanın, onun aparatının və regional mərkəzlərinin əməkdaşlarının respublikanın müxtəlif şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qarnizon hauptvaxtlarına, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə, o cümlədən müvafiq tibb, sosial və təhsil müəssisələrinə başçəkmələr zamanı təqdim edilib.

Müraciətlərin hər biri üzrə Ombudsman haqqında Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülmüş, pozulmuş hüquqların bərpası məqsədilə səlahiyyətli dövlət qurumlarına müraciətlər olunmuş, həyata keçirilmiş tədbirlərin nəticəsi barədə ərizəçilərə müvafiq cavablar verilib. Ombudsmanın səlahiyyətlərinə aid olmayan müraciətlər üzrə ərizəçilərə hüquqi məsləhətlər verilib.

Müraciətlərin araşdırılması və təhlili təcrübəsi, habelə dövlət qurumları ilə əməkdaşlıq əlaqələri bir sıra problemlərin operativ həllində, süründürməçiliyin və baş verə biləcək pozuntu hallarının qarşısının alınmasında, həmçinin qanunvericiliyin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb. Əhalinin həssas qruplarının problemlərinin kompleks həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti səlahiyyətli dövlət qurumlarına müraciətlər edilmiş, təklif və tövsiyələr verilib ki, onlar da tədricən öz həllini tapmaqdadır.

Qeyd olunmalıdır ki, Ombudsmanın hər il olduğu kimi növbəti ilin dövlət büdcəsi layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrinin iclaslarında aparılan müzakirələrində iştirakı və irəli sürdüyü təkliflər insan hüquqlarının təmin edilməsi sahəsində səmərəliliyin artırılmasına xidmət etmişdir”, – deyə o əlavə edib.