MİLLİ MƏCLİS AVROPA PARLAMENTİNİN QEYRİ-OBYEKTİV VƏ QƏRƏZLİ QƏTNAMƏSİNİ QƏTİ ŞƏKİLDƏ RƏDD EDİB

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Bu fikirlər Milli Məclisin Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə münasibətində yer alıb.

Açıqlamada, həmçinin vurğulanıb: Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin olunduğu, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamənin Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusilə, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin qazandığı uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.

Bu mənada, azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfə”sini verməli idi. Qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.

Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışılan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur.

Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var”.