MİLLİ KİTABXANADA “NAZİM HİKMƏT – 120” ADLI SƏRGİ AÇILIB

Bu gün XX əsr türk ədəbiyyatında özünəməxsus yer tutan, qiymətli ədəbi irsə malik Nazim Hikmətin 120 illik yubileyi tamam olur. Bu münasibətilə Azərbaycan Milli Kitabxanasında “Nazim Hikmət – 120” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, Nazim Hikmətin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nazim_Hikmet_120/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Nazim Hikmət özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xətti, istedadının ən qüvvətli istiqamətidir. Onun lirikasının nəinki vətəninin sərhədləri daxilində, o cümlədən dünyanın bir çox ölkələrində sevilməsinin və geniş şəkildə məşhurlaşmasının səbəbi əsərlərinin mövzu müxtəlifliyi, ideya-məzmun baxımından zənginliyi, təsir gücünün qüvvətliliyindədir.