MİLLİ KİTABXANADA BEYNƏLXALQ TEATR GÜNÜNƏ HƏSR EDİLƏN SƏRGİ AÇILIB

Milli Kitabxanada “27 Mart -Beynəlxalq Teatr Günü” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycanda teatr sənətinin qədim və zəngin tarixi, peşəkar teatrın inkişafı, səhnə fədailəri, ölkəmizdən xaricdə Azərbaycan teatrlarının mövcudluğu, Avropa, Amerika, Rusiya və bir çox başqa yerlərin məşhur teatrları, dünya teatr və kinosunun görkəmli aktyorları, rejissorları haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Beynəlxalq Teatr Günü münasibətilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edir. Bu ənənənin əsasını fransalı yazıçı Jan Kokto qoyub.

Bu il isə Beynəlxalq Teatr İnstitutu tərəfindən yunan rejissor, Beynəlxalq Teatr Olimpiadası Komitəsinin sədri Teodoros Terzopulos Beynəlxalq Teatr Günü mesajının müəllifi seçilib.

Bu gün, bir qayda olaraq, bayram tədbirləri, konsertlər, aktyorluq sənəti üzrə ustad dərsləri, xeyriyyə tamaşaları, yeni əsərlərin premyeraları, istedadlı sənətkarlarla görüşlər təşkil olunur.