
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 2-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris məşğələləri keçirilir.
Aprelin 10-da start verilən kurslarda 8-10 yaşlı gimnastlarla çalışan məşqçilər iştirak edir. Məşğələlərə “Ocaq Sport” Klubunu təmsil edən və müstəqil şəkildə fəaliyyət göstərən 9 məşqçi cəlb olunub.
Bolqarıstanlı beynəlxalq dərəcəli mütəxəssis Desislava Boquşevanın rəhbərliyi altında keçirilən kurslarda birinci mərhələni uğurla başa vurmuş məşqçilər iştirak edirlər.
Kursların nəzəri və təcrübi hissəsi aerobika gimnastikasında addımların quruluşu, artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, çətinlik elementlərinin metodologiyası, xoreoqrafiya, tibb, psixologiya və s. mövzularını əhatə edir.
Məşğələlər aprelin 12-dək davam edəcək. Daha sonra kurs dinləyiciləri nəzəri və təcrübi imtahan verməli olacaqlar.
Kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının (AGF) tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.