METRONUN “XOCASƏN” STANSİYASININ TİKİNTİSİ TAMAMLANMAQ ÜZRƏDİR – METROPOLİTEN RƏSMİSİ

Bakı Metropoliteninin “Xocasən” stansiyasında inşaat işləri tamamlanmaq üzrədir. Artıq üzləmə işlərində də sonuncu mərhələdəyik.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, tikintidə ən vacib mərhələ olan stansiyadan tunelə qədər yerüstü yol infrastrukturunun qurulmasında da iş sürətli şəkildə davam edir:

“Hər hansısa fövqəladə problem olmasa, “Xocasən” yerüstü stansiyası gələn ilin sonuna qədər təhvil veriləcək.

Stansiya Lökbatan və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən insanların nəqliyyat problemlərinin aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq.

Digər tərəfdən “Xocasən” stansiyası “Bakmil”dən çox fərqlənəcək. “Bakmil” metro xəttinin ortasında yerləşdiyindən bu istiqamətdə qatarların çıxıb, daxil olması mürəkkəb texnoloji hala çevrilib. Bəzən bu, intervala da təsir göstərir, sərnişinlərin narazılığına səbəb olur. Amma “Xocasən” stansiyası bağlı belə bir problem olmayacaq. Çünki xəttin başlanğıcında olduğundan qatarların sərnişin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsi üçün şərait olacaq. Həmçinin “8 Noyabr stansiyası”nın arxasında dönmə kamerası olduğundan intervalın tənzimlənməsi çox rahat olacaq”, – B.Məmmədov deyib.