METALLURGİYA SƏNAYESİNİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMININ LAYİHƏSİ 3 AYA HAZIRLANACAQ

“Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi 3 ay müddətində hazırlanacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini 3 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Nazirlər Kabineti Dövlət Proqramında “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulmasını təmin etməlidir:

  • elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 min tona çatdırılması, alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 min tona çatdırılması;
  • Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsi

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun olaraq yuxarıdakı birinci abzasda nəzərdə tutulan layihələrin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi və yuxarıdakı ikinci abzasda nəzərdə tutulan layihənin maliyyələşdirmə mənbələri və həyata keçirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi və Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.