Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Xocalı soyqırımı: hələ də cəzasını gözləyən amansız cinayət” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir. Soyqırımı zamanı azyaşlı uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 613 nəfər mülki azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı və itkin düşdüyü qeyd edilir.
Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin bir hissəsi olan Xocalı soyqırımının mülki insanlar arasında kütləvi qorxu yaratmaq və sonrakı işğal planları üçün psixoloji üstünlük qazanmaq məqsədi daşıdığını diqqətə çatdıran müəllif Ermənistanın sabiq prezidenti, soyqırımının əsas təşkilatçılarından olan S.Sarkisyanın erməni tərəfinin cinayətlərinə dair etiraflarından nümunələr göstərir.
Yazıda, həmçinin Meksika da daxil olmaqla, dünyanın 17 ölkəsinin parlamenti, ABŞ-ın 24 ştatı, Avropa İnsan Haqları Məhkəməsinin 2010-cu il tarixli qərarı və bir sıra beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının insanlıq əleyhinə cinayət kimi pisləndiyi qeyd olunub.
Sonda Azərbaycan xalqının məruz qaldığı qətliamlar və ədalətsizliklər fonunda regionda barışıq əldə olunmasının çətinliyinə baxmayaraq, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini inancların nümayəndələrinin sülh şəraitində yaşadığı, bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın dialoq və əməkdaşlıq xəttinə, regionda inkişafın yeganə yolunun davamlı sülh olması mövqeyinə sadiq qaldığı, bunlara nail olunması üçün isə Ermənistanın qonşularına qarşı təcavüzkar siyasətini kənara qoymalı olduğu bildirilir.