Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunması şərəfinə Mexiko şəhərinin əhəmiyyətli dövlət binaları və şəhərin simvolu sayılan abidələri, bu xüsusda paytaxtın əsas toplanış mərkəzi olan Konstitusiya Meydanı ətrafındakı binalar, o cümlədən Mexiko şəhər hökumətinin inzibati binası, İnqilab Abidəsi, Müstəqillik Mələyi və digər tarixi abidələr Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, bu münasibətlə Meksika federal hökuməti və Mexiko şəhər hökumətinin nümayəndələri, KİV təmsilçiləri, QHT və gənclər təşkilatlarının iştirakı ilə İnqilab Abidəsinin önündə təşkil olunmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov Azərbaycanın müstəqillik tarixi və əldə etdiyi nailiyyətlər, habelə Meksika ilə ikitərəfli əlaqələri haqda tədbir iştirakçılarına məlumat verib. Paytaxtın vacib dövlət bina və abidələrini üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması addımına görə Meksika tərəfinə təşəkkür edən diplomat, Konqres tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə də minnətdarlığını bildirib.
Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış bina və abidələrin Mexiko şəhərinin ən çox insan toplanan rayonlarında olması gecəboyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.