MEK-İN OXUCULARI “EBSCO” MƏLUMAT BAZASINDAN YARARLANA BİLƏCƏKLƏR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuları üçün daha bir yenilik edib.

MEK-dən bildirilib ki, Azərbaycan kitabxanalarında ən çox müraciət edilən, bir çox elmi informasiya resursları və məlumat axtarış mənbəyi ilə zəngin “EBSCO” verilənlər bazasına abunəlik təmin olunub.

MEK-in qeydiyyatdan keçən bütün oxucuları “EBSCO”nun 4600-dən çox jurnalın tam mətnlərini ehtiva edən multidisiplinar verilənlər bazası – Academic Search Complete və MEDLINE – tibb sahəsi üzrə verilənlər bazasından yararlana biləcəklər. Məlumat axtarış bazasına 2023-cü il yanvarın 16-dan martın 31-dək giriş imkanları mövcuddur.

Xatırladaq ki, abunəlik haqqında razılıq ötən ilin noyabrında MEK əməkdaşlarının “ANKOSLink 2022” beynəlxalq konfransında iştirakı zamanı “EBSCO” şirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.