MEDİA: RUMINİYA AZƏRBAYCAN NEFTİNİN ƏSAS ALICILARINDAN BİRİNƏ ÇEVRİLİR

Rumıniyanın analitik media platforması “Puterea.ro”da dərc olunmuş geniş təhlildə Azərbaycanın neft ixracında Rumıniyanın sürətlə artan roluna diqqət çəkilir. Məqalədə vurğulanır ki, son bir il ərzində Rumıniyanın Azərbaycandan idxal etdiyi xam neftin həcmi kəskin artaraq ölkəni Bakının Avropadakı əsas ticarət tərəfdaşlarından birinə çevirib.

“Puterea.ro”ya istinadən, Rumıniya 2025-ci il ərzində Azərbaycandan təxminən 1,12 milyon ton xam neft idxal edib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 50 faiz artım deməkdir və Rumıniyanın enerji bazarında mühüm struktur dəyişikliyinə işarə edir. Analitik nəşr bu dinamikanı Rumıniyanın enerji təhlükəsizliyini gücləndirmək və tədarük mənbələrini şaxələndirmək strategiyasının konkret nəticəsi kimi qiymətləndirir.

Məqalədə qeyd olunur ki, idxal həcminin artması yalnız fiziki göstəricilərlə məhdudlaşmır. Rumıniyanın Azərbaycan neftinə görə ödədiyi məbləğ də əhəmiyyətli dərəcədə yüksələrək təxminən 600 milyon dollara yaxınlaşıb. Bu isə Bakı–Buxarest enerji əlaqələrinin artıq qısa müddətli bazar reaksiyası deyil, daha uzunmüddətli və planlı əməkdaşlıq modelinə keçdiyini göstərir.

Nəşr bildirir ki, Rumıniya bu həcmlə Azərbaycanın neft ixracında önəmli mövqeyə yüksəlib və bəzi ənənəvi alıcıları geridə qoyaraq “strateji müştəri” statusu qazanıb. Nəşrin təhlilinə görə, bu proses Avropa enerji bazarlarında geosiyasi dəyişikliklər, təchizat zəncirlərinin yenidən qurulması və region ölkələrinin Rusiya mənbələrindən asılılığı azaltmaq cəhdləri ilə birbaşa bağlıdır.

Analitik yazıda Rumıniyanın daxili neft emalı sənayesinə də toxunulur. Qeyd edilir ki, Azərbaycandan daxil olan əlavə xam neft həcmləri Rumıniyanın emal zavodlarının fasiləsiz işləməsinə, daxili bazarın sabitliyinin qorunmasına və ixrac potensialının saxlanmasına imkan yaradır. Bu amil Rumıniyanın Qara dəniz regionunda enerji qovşağı rolunu möhkəmləndirən mühüm element kimi təqdim olunur.

Təhlilə görə, Azərbaycan üçün də Rumıniya bazarının genişlənməsi strateji əhəmiyyət daşıyır. Nəşr xatırladır ki, neft və neft məhsulları Azərbaycanın ümumi ixracının əsas hissəsini təşkil edir və Rumıniya ilə ticarətin artması Avropa istiqamətində sabit və etibarlı satış kanallarının gücləndirilməsi deməkdir. Bu, Bakının Avropa enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirən amil kimi dəyərləndirilir.

Məqalədə vurğulanır ki, Rumıniyanın Azərbaycan neftinə artan tələbatı təkcə iqtisadi göstərici deyil, eyni zamanda siyasi və strateji mesaj daşıyır. Bu tendensiya Buxarestin enerji siyasətində Cənubi Qafqazın, xüsusilə Azərbaycanın etibarlı tərəfdaş kimi ön plana çıxmasını təsdiqləyir.

Analitik material Rumıniyanın qısa müddət ərzində Azərbaycan neftinin əsas alıcılarından birinə çevrildiyini, bu prosesin isə Avropa enerji bazarlarında davam edən struktur dəyişikliklərin və Bakı–Buxarest strateji enerji əməkdaşlığının bariz nümunəsi olduğunu göstərir.