
Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin növbəti sammitində irəli sürüləcək MDB+ modeli postsovet məkanında inteqrasiya proseslərini yeni mərhələyə daşımağı, həm də bu coğrafiyanın sərhədlərindən kənara çıxmağı hədəfləyir. Yeni konsepsiya klassik MDB çərçivəsini genişləndirərək onu Asiya, Yaxın Şərq və hətta Afrika regionları ilə əməkdaşlıq üçün daha çevik və dinamik platformaya çevirməyi nəzərdə tutur. Moskva bunu qapalı ittifaqdan açıq regional əməkdaşlığa keçmək müstəvisində izah edir.
Qeyd etməliyik ki, MDB-nin yaranmasından otuz ildən çox vaxt keçir. Sovet İttifaqının dağılmasından sonra yaradılan bu birlik uzun müddət keçmiş respublikalar arasında iqtisadi və humanitar əlaqələri qorumağa yönəlib. Lakin zaman keçdikcə MDB-nin təsir dairəsi daralıb, inteqrasiya mexanizmləri formal xarakter alıb. MDB+ modeli məhz bu durğunluğu aradan qaldırmaq üçün təklif olunur. Yeni yanaşmanın mahiyyəti “qapalı postsovet klubu” formatından çıxaraq açıq regional əməkdaşlıq məkanına çevrilməkdir. Bu, MDB-ni həm siyasi, həm də iqtisadi baxımdan yenidən aktuallaşdıra bilər.
MDB+ təşəbbüsü ilk növbədə Rusiyanın strateji maraqlarından qaynaqlanır. Qərblə münasibətlərin gərginləşməsi, sanksiyalar və Ukrayna ilə müharibə Moskvanı alternativ əməkdaşlıq mərkəzləri yaratmağa sövq edir. MDB+ bu mənada Rusiya üçün Avrasiya təsir dairəsini genişləndirməyin yumşaq formasıdır. Yeni format vasitəsilə Moskva həm Orta Asiya ölkələri ilə əlaqələrini möhkəmləndirir, həm də İran, Çin, Hindistan, BƏƏ kimi regional güclərlə institusional əməkdaşlıq yaratmaq imkanını qazanır. Bununla belə, modelin yalnız Rusiyanın geosiyasi aləti kimi dəyərləndirilməsi düzgün deyil. Çünki MDB üzvlərinin çoxu, xüsusilə də bəzi Orta Asiya respublikaları bu platformanı çoxqütblü dünyanın reallıqlarına uyğun yeni iqtisadi körpü kimi görür. MDB+ modelində iştirak üçün artıq bir neçə ölkənin adının hallandığı bildirilir. Bunlar arasında Türkiyə, İran, Çin, Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı kimi regional güclər var. Belə bir tərkib MDB-yə həm enerji, həm də ticarət baxımından yeni nəfəs gətirə bilər. Belə ki, Türkiyə MDB məkanını Orta Dəhliz və türk dünyası ilə inteqrasiyanın əsas sütunu, İran Şimal-Cənub nəqliyyat marşrutunun strateji mərkəzi, Çin və Hindistan isə Avrasiya ticarətinin əsas keçid xətti kimi görürlər. BƏƏ və Səudiyyə Ərəbistanı üçün bu region investisiya və enerji bazarları baxımından maraqlıdır. Bu mənada MDB+ Avrasiya inteqrasiyasının çoxlaylı iqtisadi xəritəsini formalaşdıra bilər.
MDB+ modelində Azərbaycan xüsusi strateji mövqeyə malikdir. Ölkə həm MDB-nin üzvüdür, həm də Türk Dövlətləri Təşkilatının fəal iştirakçısı kimi regional inteqrasiyada körpü rolunu oynayır. Bakının Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars xətti, Şimal-Cənub marşrutu kimi layihələrdə iştirak etməsi onu MDB+ formatında əsas tranzit və logistika mərkəzinə çevirə bilər. Azərbaycan həm də balanslaşdırılmış xarici siyasəti ilə MDB+ kimi çoxqütblü platformalarda vasitəçi mövqe tuta bilər. Bu isə ölkəyə həm iqtisadi dividendlər, həm də diplomatik çəkidə artım gətirəcək.
Lakin MDB+ modelinin həyata keçməsi bir sıra çətinliklərlə də müşayiət oluna bilər. Belə ki, üzv ölkələrin maraqlarının ziddiyyətli olması, Rusiya-Çin rəqabətinin institusional formaya keçmə ehtimalı, Qərb dövlətlərinin bu platformaya qarşı mənfi münasibəti, MDB-nin mövcud strukturunun qeyri-effektivliyi və digər amillər formatın rentabelliyini də aşağı salır. Buna görə də Düşənbə sammitində qəbul ediləcək qərarlar, daha çox, modelin ideya bazasını formalaşdıracaq, praktiki mexanizmlərin işlənməsi isə zaman tələb edəcək. Əgər formatda iqtisadi səmərəlilik və qarşılıqlı maraqlar ön plana çıxarsa, MDB+ gələcəkdə Türk Dövlətləri Təşkilatı, ŞƏT və BRİKS kimi qurumlarla paralel fəaliyyət göstərə və çoxqütblü əməkdaşlıq şəbəkəsinin tərkib hissəsinə çevrilə bilər.
MTM Analitik Qrup