MDB-DƏN OLAN MÜŞAHİDƏÇİLƏR PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN SEÇKİ QƏRARGAHLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB müşahidəçilər missiyasının nümayəndələri prezidentliyə namizədlərin seçkiqabağı qərargahlarının rəhbərləri ilə görüşlər keçiriblər.

“secki-2024.az” saytına istinadla xəbər verir ki, görüşlər zamanı missiyanın fəaliyyət prinsipləri, onun formalaşdırılması proseduru, Azərbaycanda seçki kampaniyasının monitorinqi ilə bağlı aparılan işlər, MDB-dən olan müşahidəçilərin sayı və digər məsələlər barədə məlumat veriblər.

Qərargahların rəhbərliyi və üzvləri öz növbəsində ali dövlət vəzifəsinə namizədlərin seçki platformalarının əsas istiqamətləri və seçicilərlə görüşləri barədə qonaqları məlumatlandırıblar. Xüsusilə vurğulanıb ki, bütün namizədlərə təşviqat kampaniyası aparmaq və öz proqramlarını təqdim etmək üçün bərabər imkanlar yaradılıb.

Həmçinin Azərbaycanda seçki kampaniyasının müşahidəsi zamanı MDB müşahidəçilər missiyasının nümayəndələri Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında olublar.

Uzunmüddətli müşahidəçilər dairə və məntəqə seçki komissiyalarının işi ilə tanış olublar. Onlara seçkilərə hazırlıqla bağlı məlumat verilib, seçki məntəqələrinin texniki vasitələr və metodiki vəsaitlərlə təchiz olunması göstərilib.

Missiya üzvləri seçki prosesinin şəffaflığının təmin olunmasına, seçki komissiyalarının beynəlxalq müşahidəçilərlə konstruktiv qarşılıqlı fəaliyyətə yönəlməsinə yerlərdə xüsusi diqqət yetirildiyini qeyd ediblər.