MAYIN 25-DƏ 54 MİNDƏN ÇOX ABİTURİYENT II VƏ III İXTİSAS QRUPLARI ÜZRƏ QƏBUL İMTAHANI VERƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

İştirakçılar mayın 14-dən etibarən DİM-in saytından imtahana buraxılış vərəqəsini çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 73 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.