MAYIN 11-12-DƏ GEOMAQNİT QASIRĞASI GÖZLƏNİLİR

Son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, mayın 8-9-da bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası mayın 11-12-də gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, mayın 11-də Bakı vaxtı ilə saat 09:00-12:00 radələrində qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. Mayın 13-dən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.