MARTIN 12-Sİ VƏ YA 13-DƏ İMTAHAN VERƏCƏK XI SİNİF ŞAGİRDLƏRİ BURAXILIŞ VƏRƏQƏSİNİ ÇAP EDƏ BİLƏRLƏR

Martın 12-də Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz rayonlarında, martın 13-də isə Bakı şəhərinin Xətai, Abşeron, Pirallahı rayonlarında, xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb), həmçinin Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, buraxılış imtahanı verəcək şagirdlər DİM-sin saytında yerləşdirilmiş müvafiq linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini DİM-in saytında yerləşdirilmiş linkə daxil olaraq öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

– Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

– Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.