15 iyul 2022-ci il tarixində, Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Malayziya Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Malayziya tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Datuk Kamaruddin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Cənub Şərqi Asiya və Şərqi Asiya dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 15 iyul 2022-ci il tarixində Malayziyanın xarici işlər naziri Dato Sri Saifuddın Abdullah ilə görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Malayziya arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.
Azərbaycan tərəfi Malayziyanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini ardıcıl və davamlı şəkildə dəstəklədiyinə görə təşəkkür ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini E.Məmmədovun Malayziyaya səfəri çərçivəsində bir sıra digər görüşləri də keçirilib. Belə ki, nazir müavini Malayziya Parlamenti Nümayəndələr Palatasının spikeri Tan Sri Azhar Azizan Harun tərəfindən Malayziya qanunverici orqanının binasında qəbul edilib, Cənub-Şərqi Asiyanın aparıcı tədqiqat qurumlarından olan Strateji və Beynəlxalq Araşdırmalar İnstitutunda görüş keçirib, Malayziyanın qabaqcıl mətbuat orqanlarından olan BERNAMA – Dövlət İnformasiya Agentliyinin, “Nyu Streits Times”, “Astro Avani”, “Utusan Malaysia” və “Sinar Harian” qəzetlərinin əməkdaşlarının suallarını cavablandırıb.