MALAYZİYA QƏZETİ: MART QIRĞININDA MÜSƏLMAN AZƏRBAYCANLILARLA YANAŞI, AZƏRBAYCANDA YAŞAYAN YƏHUDİLƏR DƏ QƏTLƏ YETİRİLİB

Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzeti jurnalist Taqib Şakerin 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş məqaləsini dərc edib.
“Onlar etnik, dini mənsubiyyətlərinə görə öldürüldülər” sərlövhəli məqalədə 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən paytaxt Bakıda və Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən etnik təmizləmə barədə ətraflı danışılıb. Müəllif vacib tarixi məqamlara aydınlıq gətirərək bildirib ki, XIX əsrdə neft sənayesinin inkişafı nəticəsində Bakı ermənilər üçün cəzbedici mərkəzə çevrilib və XX əsrin əvvəllərində xeyli sayda erməni burada məskunlaşıb. 1905-1907-ci illər birinci rus inqilabından sonra radikal erməni Daşnaksütyun partiyası millətçilik ideyalarını yaymağa çalışaraq, “Böyük Ermənistan” arzularını reallaşdırmağa cəhd edib. Bu proses bolşevik inqilabından sonra daha açıq müstəviyə keçib.
Müəllif vurğulayıb ki, bolşeviklər tərəfindən Zaqafqaziya komissarı vəzifəsinə təyin edilən daşnak Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik silahlı dəstələri 1918-ci ildə on minlərlə günahsız azərbaycanlını etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirib. Qətliamlar Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvan kimi ərazi vahidlərində də törədilib. Erməni qəddarlığını təsvir edən müəllif yazır: “Erməni terrorçuları tərəfindən törədilən qəddarlıqların qurbanı təkcə azərbaycanlı müsəlmanlar deyildi. Həmin hadisələr zamanı Azərbaycanda yaşayan yəhudilər də amansızcasına qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aşkarlanan kütləvi məzarlıq ermənilərin bu ərazidə yaşayannlara qarşı qeyri-insani münasibətinin bariz nümunəsidir”.
Erməni terrorçuların törətdiyi cinayətlərin təhqiqatı ilə bağlı həmin illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti tərəfindən araşdırmalara start verildiyini vurğulayan T.Şaker AXC-nin süqutundan sonra bu prosesin dayandırıldığını qeyd edib. Bildirib ki, yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən bu qətliama siyasi qiymət verilib. Ulu Öndərin imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Malayziyalı jurnalist hər il 1918-ci il mart qətliamları ilə bağlı bəyanatlar verildiyini, bu bəyanatlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin, insanlıq əleyhinə cinayətlərin, diskriminasiya və etnik təmizləmə cəhdlərinin kəskin şəkildə pislənildiyini nəzərə çatdırıb.