
Malayziyanın aparıcı media qurumlarından olan “Astro Awani”də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vüsal Quliyevin “Vaşinqton sammitindən sonra Cənubi Qafqazda geosiyasi yenidənqurma” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən sammitin Cənubi Qafqazın geosiyasətində mühüm hadisə olduğu və regional güc dinamikasının əsaslı şəkildə yenidən qurulmasına təsir göstərdiyi qeyd olunur. Bu xüsusda, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) yaratmaqla ABŞ-ın regionda strateji tərəfdaşa çevrildiyi və bu vəziyyətin regional güc balansını dəyişdirdiyi bildirilir. Dəmir yolları, enerji boru kəmərləri və fiber-optik xətləri əhatə edəcək TRIPP-in Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və oradan da Türkiyə ilə birləşdirəcəyi, bu dəhlizin sülh çərçivəsi daxilində geoiqtisadi ambisiyaları özündə cəmləşdirən həm fiziki əlaqə, həm də strateji rıçaq olduğu göstərilir.
Eyni zamanda, yazıda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə məlumat verilərək, Azərbaycanın 2020-ci və 2023-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanın işğalına son qoyulduğu və bunun regionda təsir balansını dəyişərək müxtəlif aktorlar, o cümlədən ABŞ üçün praqmatik geoiqtisadi maraqlara əsaslanan yeni diplomatik yanaşma ilə addım atmağa yol açdığı vurğulanır. Bununla yanaşı, məqalədə sammitin nəticələrindən biri kimi Azərbaycana münasibətdə ABŞ ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair 907-ci düzəlişin uzun müddətdir tətbiq etdiyi məhdudiyyətlərin Prezident Tramp tərəfindən ləğvinin olduğu göstərilir. Yazıda sammitin daha bir əlamətdar nəticəsi kimi Azərbaycanın və Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti göstərilir.
Məqalədə region ölkələrinin sülh razılaşması ilə bağlı mövqeyinə toxunularaq, Türkiyənin bu razılaşmanı alqışladığı və adıçəkilən marşrutun Türkiyə üzərindən Avropa və Asiya arasında quru ticarətini sürətləndirəcək Orta Dəhlizin strateji hissəsi kimi qiymətləndirildiyi göstərilir. Qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazda sabitliyə doğru istənilən addımı alqışladığını bildirsə də, bu ölkənin siyasi şərhçiləri Ermənistanı strateji xəyanətdə günahlandırır və razılaşmanın, o cümlədən TRIPP-in Moskvanın regionda əsas vasitəçilik roluna təsir etdiyini vurğulayırlar. Məqalədə İranın sülh razılaşmasını açıq şəkildə alqışladığı, lakin bu dəhlizin onun strateji tranzit roluna xələl gətirə biləcəyi ilə bağlı narahatlığını ifadə etdiyi bildirilir.
Məqalənin yekununda Vaşinqton razılaşmasının həm ABŞ diplomatiyası üçün əlamətdar hadisə olduğu, həm də Cənubi Qafqaz geosiyasətində yeni səhifə açdığı vurğulanır.