MALAYZİYA KİV-LƏRİ 20 YANVAR FACİƏSİNİN 32-Cİ İLDÖNÜMÜ BARƏDƏ MƏQALƏLƏR DƏRC EDİB

Malayziyanın aparıcı nəşrləri 20 Yanvar faciəsinin 32-ci ildönümünə öz səhifələrində geniş yer ayırıb.

Ölkənin çoxtirajlı ingilisdilli “New Straits Times” qəzeti ildönümü günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanatını dərc edib.

Bəyanatda Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddialarının, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyətinin, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsinin, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsinin Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdiyi bildirilib. Qeyd olunub ki, ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törədib. Həmçinin bildirilib ki, faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilən qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Bundan əlavə, Malayziyanın nüfuzlu media holdinqlərindən olan “Astro Avani”nin eyniadlı xəbər portalı Azərbaycanın bu ölkədəki səfirliyinin birinci katibi – konsulu Elsevər Salmanovun məqaləsini dərc edib. Məqalədə azərbaycanlı diplomat sovet ordusunun 20 Yanvar qırğını ilə regionumuzda yaradılmış erməni faktoru arasında əlaqənin mövcudluğuna dair əsaslardan bəhs edib. Tarixə ekskurs edərək, çar Rusiyası tərəfindən regionda süni bir şəkildə erməni dövləti yaradılması layihəsi və daha sonra sovet hakimiyyətinin bu layihəyə dəstək verməsini xatırladıb. Sovet dövründə Azərbaycana qarşı ermənilərin davamlı olaraq dəstəklənməsindən; ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonra Azərbaycana qarşı sovet-erməni təzyiqlərinin yenidən başlamasından yazıb. Bütün bu təhriklərin Azərbaycan xalqını öz dövləti və müstəqilliyi uğrunda yenidən ayağa qaldırmasından, M. S. Qorbaçovun ermənilərin dəstəyi ilə Azərbaycandakı etirazçı kütlələri qanlı bir şəkildə susdurmağa çalışmasından bəhs edib.

Növbəti müəllif yazısı Malayziyanın “Utusan Malaysia” qəzetinin beynəlxalq xəbərlər üzrə müxbiri Taqib Şaker tərəfindən qələmə alınıb. “Azərbaycanın Qara Yanvarı” sərlövhəli məqalədə müəllif bildirib ki, bu faciə, həmin dövrdə Sovet İttifaqı KP MK-nın Baş katibi M.S. Qorbaçovun göstərişi ilə Malayziyanın azərbaycanlı bacı və qardaşlarına qarşı törədilib. T.Şaker yazır: “Əslində bu qanlı faciənin kökü 1987-ci ilə gedib çıxır. Həmin günlərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi cəhdləri nümayiş etdirilir, eləcə də Ermənistanda öz qədim dədə-baba yurdlarında yaşayan azərbaycanlıların bu torpaqlardan deportasiyası həyata keçirilirdi”.

Müəllif hesab edir ki, 32 il əvvəl baş vermiş qanlı yanvar faciəsi keçmiş SSRİ rəhbərliyinin qeyri-insani siyasəti və Azərbaycan xalqına qarşı xəyanəti nəticəsində baş verib.