MACARISTANIN “MAGYAR NEMZET” NƏŞRİ AZƏRBAYCANIN QARABAĞDA TARİXİ QƏLƏBƏSİNDƏN YAZIR

Macarıstanın populyar “Magyar Nemzet” qəzetinin internet versiyasında bu yaxınlarda reportyorlar qrupunun tərkibində Azərbaycanda səfərdə olmuş jurnalist David Laslonun “Dağlıq Qarabağda Qələbə: şəhidlər və zəfər” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif məqaləsində ötən ilin payızında Azərbaycanın cəmi 44 gün ərzində Qarabağda geniş ərazilərini erməni işğalından azad etməsini xatırladır. Müharibə başa çatandan 6 ay sonra hərbi əməliyyatların ab-havası bir az səngiyib, qəhrəmancasına həlak olan döyüşçülərin xatirələri və heyrət doğuran hərbi qələbəyə görə milli qürur hissləri ilə əvəz olunub. Laslo yazır ki, münaqişə hələ də sülh sazişinin bağlanması ilə nəticələnməsə də, hər halda müəyyən təskinlik yaranıb.

Azərbaycanda, xüsusən kənd yerlərində şəhidlərin çoxlu portretləri asılıb. Ötən ilin payızında Qarabağ uğrunda gedən 44 günlük müharibədə həlak olan qəhrəmanlara həsr edilmiş lövhə və posterləri yolun kənarı boyunca, yaşayış məntəqələrinə girişdə, mağazaların və evlərin pəncərələrində görmək mümkündür. Qəbiristanlıqlarda şəhidlərin dəfn edilməsi üçün xüsusi sahə ayrılıb və bu məzarların üstündə həmişə tər güllər olur.

Jurnalist oxuculara izah edir ki, şəhid – öz ölkəsi uğrunda canından keçən şəxsə deyilir. Azərbaycan Müdafiə Nazirliyinin son statistik məlumatına görə, hərbi əməliyyatlar zamanı 2906 nəfər həlak olub, 8 döyüşçü hələ də itkin düşmüş hesab edilir.

Bərdə yaxınlığında yerləşən kəndin sakini müəllifə kədər hissi ilə kəndlərinin daha çox itki verməsindən danışır. Bu sakin hələ 1990-cı illərdə, ermənilər Qarabağı işğal etdikləri dövrdə qardaşını itirib.

Azərbaycanda əhalinin sayına görə ikinci böyük şəhər olan Gəncəyə müharibənin vurduğu yaraların izləri hələ də qalır. Şəhər keçmiş cəbhə xəttinin 80 kilometrliyində yerləşsə də, erməni raketlərinin hücumuna məruz qalıb. Azərbaycanlılar hesab edirlər ki, ermənilər əhalini qorxuya salmaqdan ötrü qəsdən bu şəhərə raket buraxıblar. Sakinlərə “Düşmən buna nail ola bildimi?” sualını verdikdə, onlar “Heç kəs qaçmadı” cavabını veriblər. Bununla yanaşı, 8 mərmi Gəncənin yaşayış məntəqələrinə düşərək, onlarca dinc sakinin, o cümlədən uşaqların həyatına son qoyub. Ballistik raketlərin atılması nəticəsində çoxmənzilli evlər karton evlər kimi dağılıb və indi uçmuş divarlardan otaqlara baxmaq mümkündür. Bu otaqlar yerində elə durub ki, sanki zaman dayanıb. Raket atılması nəticəsində əmələ gələn çalaların yan-dövrəsinə düzülmüş oyuncaqlar və güllər həlak olanları xatırladır. Xarabalıqlar içində günəbaxanlar boy atıb və buradan keçənlər özünəməxsus “memorial”a öyrəşməyə başlayıblar.

Bəli, bu qələbə Azərbaycana baha başa gəldi. David Laslo “Buna dəyərmi?” sualını verdikdə sakinlər bir ağızdan “Biz xoşbəxtik!” cavabını veriblər.

Qarabağ ermənilər tərəfindən təqribən 30 il bundan əvvəl işğal edilmişdi, ona görə də onun azad edilməsi uğrunda müharibədə əsasən Birinci Qarabağ müharibəsi dövründə hələ dünyaya gəlməyən, yaxud da o vaxt vuruşan sakinlərin övladları iştirak edirdi. Döyüş əməliyyatları başlayanda millət bir yumruq kimi birləşərək haqq işi uğrunda mübarizəyə qalxdı: ordudan ehtiyata buraxılanlar müharibədə iştiraka könüllü yazılmağa başladılar. Yekunda ümumi səfərbərlik tələb olunmasa da, şəxsin heyətin azı üçdəbir hissəsi orduya çağırıldı.

Ötən ilin payızında, Azərbaycan ordusu əks-hücuma keçməzdən əvvəl Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videoçarx qarşıdakı vuruşmadan öncə döyüş ruhu yaratmaq məqsədi daşıyırdı. “Atəş” mahnısına çəkilən klipdə yerli “ulduzlar” zirehli döyüş maşınlarının, helikopterlərin və snayper tüfənglərinin qarşısında hərbi geyimdə dayanaraq böyük şövqlə mahnı oxuyurdular. Kadrlarda biz şiddətli raket atəşlərini izləyirik. Bu mahnı Azərbaycanda populyardır, yutubda 1 milyon yarım baxış toplayıb.

Hərbi atmosferi qalibiyyət hissləri əvəzlədi. Azərbaycanlılar fəxr edirlər ki, onilliklər boyu davam edən münaqişəyə hərbi güclə son qoydular və erməniləri alçaldıcı məğlubiyyətə uğratdılar. Təhlükəsizlik baxımından, xüsusən də minalanmış ərazilər nəzərə alınarsa, Qarabağa getmək hələ də qeyri-mümkündür. Bunu yalnız xüsusi icazə aldıqdan sonra həyata keçirmək olar. İşğaldan azad edilmiş əraziləri görməyən əksər azərbaycanlılar oraya getmək arzusundadırlar. 2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev tarixə müzəffər sərkərdə kimi düşüb, onun hərbi geyimdə obrazı və yumruğunu yuxarı qaldıraraq qələbə işarəsini bildirən şəkilləri reklam lövhələrində və mağaza vitrinlərində tez-tez yer alır. İlham Əliyev Ordunun Ali Baş Komandanı kimi hər cür şərəfə layiqdir. Onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə bərabər Qarabağa səfərlərindən kadrlar beynəlxalq mətbuatda geniş yayılıb.

Bir qədər qeyri-adi yerdə, hündür binaların kölgəsində, paytaxtın sahilboyu ilə yanaşı yerləşən Hərbi Qənimətlər Parkında qələbənin suvenirləri toplanıb. Açıq hava altında olan muzeyə giriş yerli sakinlər üçün cəmi bir neçə Azərbaycan manatı təşkil edir. Hərbi Qənimətlər Parkı aprel ayında açılsa da, bu isti günlərdə də şəhərlilərin diqqətini cəlb edir, ziyarətçilər üçün əsl ailə bayramına çevrilir. Parka gələnləri girişdə erməni avtomobillərindən çıxarılmış nömrələrin fonunda “Qarabağ Azərbaycandır!” lövhəsi qarşılayır. Bu, Birinci Qarabağ müharibəsindən sonra ermənilərin eynilə etdiyi hərəkətə cavabdır.

Parkda artilleriya və zenit batareyalarına məxsus xeyli tank, zirehli maşın nümayiş etdirilir. Bu texnika buraya gətirilməzdən əvvəl bütün ölkəni keçib. Onların bəzisində dəqiq zərbə izləri görünür, əksəriyyətinin üzərində Ermənistan bayrağının təsviri və xaç şəkilləri var.

T-72 tankından çıxan qorxuya düşmüş erməni əsgərinin mumdan hazırlanmış fiquru xüsusilə populyardır. Turistlər, uşaqlar və məktəblilər nə vaxtsa ölümsaçan texnikanın fonunda böyük məmnuniyyətlə şəkil çəkdirirlər. Müəllif sonda yazır ki, parkın yaradıcıları detallara xüsusi diqqət yetiriblər: düşmən – üzündən qorxu yağan, saqqallı, biçimsiz, eybəcər mum fiqurdur. Uşaqlar da məğlub olan düşmənin həmin fiqurunu Hərbi Qənimətlər Parkından çıxmazdan əvvəl təpikləmək şansını əldən buraxmırlar.