MACARISTAN VƏ ABŞ-IN BƏZİ ƏRAZİLƏRİNDƏN QUŞÇULUQ MƏHSULLARININ İDXALINA MƏHDUDİYYƏT QOYULUB

Macarıstanın Bekeş inzibati ərazi vahidində, həmçinin Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün Bekeş inzibati ərazi vahidində və Şimali Dakota ştatında, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.