M3 MAGİSTRAL AVTOMOBİL YOLUNUN YENİKƏND-BİLƏSUVAR HİSSƏSİNİN YENİDƏN QURULMASI DAVAM EDİR 

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 kilometr təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir. Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 avtomobil körpüsü yenidən inşa olunur.

Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşasına başlanılıb.

Bununla yanaşı, atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 37 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 6 körpünün inşası isə davam edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq.