M 1 MAGİSTRAL AVTOMOBİL YOLUNUN BİR HİSSƏSİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIB

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun (M 1 magistral avtomobil yolu) Bakı şəhərindən Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda təmir-bərpa işləri magistral yolun 52-119.5 kilometrində 3 hissədə yerinə yetirilir. Sözügedən işlər magistral yolun 52-53,5, 100-102,5 və 107-108,2-ci kilometrlik hissələrini əhatə edir.

İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.