İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə MSK-nın iyulun 12-də keçirilən iclasının protokolu təsdiqlənib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb. Protokolların MSK tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
İclasda daha sonra qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərdə Müasir Musavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.